- Offside
- 21:50 14.09.2026
AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib.
Milli assosiasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, layihənin ilk tədbiri “Sabis Sun” beynəlxalq məktəbində təşkil olunub.
Tədbir zamanı təkrar emal edilmiş materiallardan hazırlanan simvolik “Yaşıl Top” məktəbə hədiyyə edilib. Şagirdlər üçün ətraf mühitin qorunması və dayanıqlı davranışlarla bağlı maarifləndirici görüşlər keçirilib.
Tədbirdə iştirak edən veteran futbolçu Qara Qarayev şagirdləri təbiətin qorunmasına və ekoloji dayanıqlılığın təmin olunmasına töhfə verməyə çağırıb.
“Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Gülnarə Məmmədova isə tullantıların düzgün idarə olunması, meşələrin bərpası və dayanıqlı həyat tərzinin əhəmiyyəti barədə məlumat veriblər.
Beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Kamal Umudlu, eləcə də köməkçi hakim Sevda Nuriyeva şagirdlərlə görüşərək ağacəkmə aksiyasına qoşulublar.
Qeyd edək ki, “Yaşıl Top” sosial layihəsi futbolun sosial təsir imkanlarından istifadə etməklə uşaqlar və futbol ictimaiyyəti arasında ekoloji dəyərlərin təşviqinə yönəlib.
Layihə çərçivəsində ümumilikdə 10 məktəbdə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədris ilinin sonunda isə məktəblər arasında futbol turnirinin təşkili planlaşdırılır.