17 sentyabr 2026. Cümə axşamı

Naxçıvanda ilk Minifutbol Kubokuna yekun vuruldu


  • Offside
  • 14:57 16.09.2026
  • Oxunma sayı: 35
Naxçıvanda ilk Minifutbol Kubokuna yekun vuruldu

Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçirilən Minifutbol Kubokunda qalib müəyyənləşib.

 90deqiqe.Az Azərbaycan Minifutbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, iki aya yaxın davam edən turnirin finalında “Prestij MFK” “Cahan MFK”nı 6:5 hesabı ilə məğlub edərək yarışın ilk qalibi olub.

Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasında keçirilən final qarşılaşması Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gərgin və bolqollu mübarizə şəraitində keçən görüşün sonunda “Prestij MFK” üstün olub.

Bu nəticə ilə “Prestij MFK” həm də Azərbaycan Minifutbol Federasiyasının təşkil etdiyi 2026/2027 mövsümü Azərbaycan Çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

Turnirin üçüncü yeri uğrunda görüşdə “XOK MFK” texniki qələbə əldə edərək bürünc medala sahib çıxıb.

Finaldan sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Qalib komandaya kuboku Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.

Qeyd edək ki, iyulun 14-dən sentyabrın 15-dək keçirilən turnirin təşkilatçıları Azərbaycan Minifutbol Federasiyası və Naxçıvan Futbol Federasiyası olub. Uzunoba Təlim-Məşq Bazasında təşkil olunan yarışda 20 komanda mübarizə aparıb.

Turnirin fərdi nominasiyalarında “Araz Naxçıvan”ın futbolçusu Bilal Nağıyev ən yaxşı qapıçı, “Cahan MFK”nın üzvü Əsgər Əsgərov ən yaxşı oyunçu, Samir Kərimov isə ən məhsuldar futbolçu seçilib.







Offside