- Offside
- 21:43 16.09.2026
Everest zirvəsini fəth edən Azərbaycanın qadın alpinisti Vəfa Musayevaya həsr olunmuş “Sıfırı bir etdim” sənədli filminin təqdimat mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Alpinizm Federasiyasının, Azərbaycan İdman Akademiyasının nümayəndələri, idmançılar və digər qonaqlar iştirak ediblər.
Çıxış edən Fərid Qayıbov Vəfa Musayevanın Everest zirvəsinə qalxmaqla Azərbaycan qadınının gücünü nümayiş etdirdiyini bildirib. Nazir filmin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlandığını, idmançılar və gənclərə nümunə olan şəxslər haqqında bu istiqamətdə bir sıra ekran işlərinin ərsəyə gətirildiyini diqqətə çatdırıb.
Fərid Qayıbov alpinistin uğurunun gənc nəslə nümunə olduğunu vurğulayıb. O, Vəfa Musayevanın ötən il “Tərəqqi” medalı ilə təltif edildiyini də xatırladıb.
Sənədli filmdə Vəfa Musayeva uşaqlıq illərindən, Cəbrayıl rayonunun Balyand kəndində keçirdiyi günlərdən və dağlara olan marağından danışıb. Alpinist uşaqlıqdan yüksəkliklərdə olmağı sevdiyini, həmyaşıdları evlərinin yaxınlığında oynayarkən qayaların üzərində oturub kəndi və ətrafı seyr etdiyini bildirib.
Musayeva yaxın zamanlarda Cəbrayıla səfəri zamanı uşaqlıqda üzərində oturduğu qayaya yenidən qalxdığını da qeyd edib. O, dağlarda özünü daha azad hiss etdiyini və yüksəkliklərin həyatında xüsusi yer tutduğunu söyləyib.
Filmdə alpinistin uşaqlıqdan formalaşan xarakterinin və dağlara marağının sonrakı həyat yoluna təsiri də əks olunub.
Təqdimatdan sonra Azərbaycan Alpinizm Federasiyasının İdarə Heyətinin üzvü Çingiz Tağızadə Vəfa Musayevanın Everestə qalxmasının yalnız şəxsi uğur olmadığını, Azərbaycan alpinizmi və idmanı üçün də əhəmiyyət daşıdığını bildirib. O, bu zirvəyə qalxmağın yüksək fiziki hazırlıqla yanaşı, iradə, səbir, cəsarət və məsuliyyət tələb etdiyini vurğulayıb.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev isə Vəfa Musayevanın Azərbaycan qadınının gücünü təcəssüm etdirən nümunələrdən biri olduğunu qeyd edib. O, ekran əsərinin Akademiyanın tələbələrinə də nümayiş etdiriləcəyini bildirib.
Filmin ssenari müəllifi və rejissoru Rüstəm Babazadə isə çəkiliş və montaj prosesində hündürlük qorxusunun aradan qalxdığını söyləyib. O, Vəfa Musayevanın Everest yürüşünün filmin ərsəyə gəlməsində xüsusi motivasiya yaratdığını diqqətə çatdırıb.