- Offside
- 21:43 16.09.2026
Azərbaycan karateçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar.
Fövqəladə Hallar Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, 11-13 sentyabr tarixlərində təşkil olunan yarışda dünyanın 40-a yaxın ölkəsindən 2 400-dən çox idmançı kata və kumite proqramlarında mübarizə aparıb.
Azərbaycan Karate Federasiyasının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təmsilçiləri uğurlu nəticələrlə yadda qalıblar.
U-8 kateqoriyasında 24 kq çəki dərəcəsində mübarizə aparan Çingiz Abbasov keçirdiyi 5 döyüşün hamısında qalib gələrək qızıl medal qazanıb.
U-14 kateqoriyasında 42 kq çəki dərəcəsində çıxış edən Nəzrin Şahməmmədli də 6 görüşdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Komandanın digər üzvü Ramal Şahməmmədli isə U-12 kateqoriyasında 35 kq çəki dərəcəsində 5 döyüş keçirib və turniri gümüş medalla başa vurub.
Mükafatçılara Macarıstan Karate Federasiyası tərəfindən kubok, medal və diplomlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan karateçiləri məşqçi-müəllim Coşqun Sadıqovun rəhbərliyi altında yarışa hazırlanıblar. FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev idmançılar və məşqçi ilə görüşərək onları əldə etdikləri nəticələr münasibətilə təbrik edib və qarşıdakı yarışlarda uğurlar arzulayıb.