- Offside
- 21:43 16.09.2026
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Bakıda keçirilən beynəlxalq tədbirlər və bu tədbirlərin iştirakçılarının Cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi son illərdə Azərbaycanın beynəlxalq mövqeyində baş verən dəyişikliklərin daha bir göstəricisidir. Söhbət yalnız növbəti konfransın keçirilməsindən getmir. Burada daha geniş siyasi və mənəvi mənzərə var: Türk dünyasının, İslam aləminin və Qafqazın müxtəlif nümayəndələri eyni məkanda bir araya gəlir və bu məkanın ünvanı Bakı olur. Cənab Prezidentin görüşdə səsləndirdiyi fikirlər də məhz bu reallığın siyasi çərçivəsini müəyyənləşdirir.
Cənab Prezident Azərbaycanın bu mövqeyini ifadə edərkən mühüm bir məqama diqqət çəkdi: “Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir.” Bu, sadəcə coğrafi təsvir deyil. Azərbaycanın Türk dünyası ilə tarixi, mədəni və siyasi bağlarını Qafqazdakı mövqeyi ilə birləşdirən xüsusi rolundan söhbət gedir. Prezidentin vurğuladığı kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan “yeganə Qafqaz ölkəsidir” və bu xüsusiyyət Bakının regional əhəmiyyətini daha da artırır.
Bu gün Bakının belə tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil. Tarix və mədəniyyət Türk dünyası ilə Qafqazı bir-birindən ayırmır, əksinə, onların arasında körpü yaradır. Cənab Prezident də bu tarixi bağlılığı diqqətə çatdıraraq qeyd etdi ki, “Türk dünyası və Qafqaz – bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi.” Bu yanaşma Azərbaycanın bugünkü diplomatik xəttində də öz əksini tapır: Bakı həm Türk dünyası ilə əlaqələri möhkəmləndirir, həm də Qafqaz xalqları ilə dostluq və əməkdaşlığın inkişafına çalışır.
Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısının Seyid Yəhya Bakuvi ilə bağlı beynəlxalq konfransla eyni günlərə təsadüf etməsi də xüsusi məna daşıyır. XV əsrdə yaşamış böyük mütəfəkkirin irsinin bu gün Türk dünyasının və İslam aləminin nümayəndələrini Bakıda bir araya gətirməsi tarixlə müasirliyin görüşüdür. Cənab Prezident Seyid Yəhya Bakuvinin irsindən danışarkən Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətləri xatırlatdı və bildirdi: “Onların qoyduqları miras, tarixi-mədəni irs... bütün İslam aləmi üçün çox böyük dəyərdir.”
Burada Azərbaycanın son illərdə formalaşdırdığı başqa bir siyasi xətt də görünür. Bakı müxtəlif dövlətlər və xalqlar arasında qarşıdurmanı dərinləşdirən deyil, dialoq üçün imkan yaradan mərkəz olmaq iddiasındadır. Cənab Prezidentin sözləri ilə desək, “Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir.” Bu fikir Azərbaycanın beynəlxalq siyasətində özünəməxsus xəttin formalaşdığını göstərir.
Müsəlman dini liderlərin Bakıda bir araya gəlməsi də bu baxımdan mühüm mesaj daşıyır. Cənab Prezident vurğuladı ki, “müsəlman dini liderlərin hər bir sözü... müsəlman icmaları üçün çox dəyərlidir” və bu sözlər “sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə”, bunun bütün region üçün müsbət nəticələri ola bilər. Azərbaycan İslam həmrəyliyinə də məhz bu prizmadan yanaşır. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından gələn il Bakıda keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə qədər uzanan xətt bunun göstəricisidir.
Cənab Prezident gələn il Bakıda keçiriləcək Zirvə Görüşünün əhəmiyyətindən danışarkən bir fikri xüsusilə vurğuladı: “Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin.” Bu, Azərbaycanın İslam dünyasına münasibətində yalnız diplomatik deyil, mənəvi yanaşmanın da olduğunu göstərir. Bakı özünü müxtəlif fikir və mövqelərin toqquşduğu deyil, ortaq məqamların tapıldığı bir platforma kimi təqdim edir.
Lakin Bakının bu toplantılardakı mesajı yalnız dini və mədəni əməkdaşlıqla məhdudlaşmır. Azərbaycan Qarabağ reallığını da beynəlxalq qonaqlara göstərir. Cənab Prezident dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəyini bildirərək onların “həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını”, həm də “bu gün dirçələn Qarabağın yeni simasını” görəcəklərini söylədi. Bu iki mənzərənin eyni səfərdə nümayiş etdirilməsi Azərbaycanın Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Çünki uzun illər ərzində Qarabağ haqqında dünyaya Ermənistanın təqdim etdiyi birtərəfli təsəvvür hakim idi. Bu gün isə xarici qonaqlar həmin torpaqlara gedir, dağıntıları öz gözləri ilə görür və eyni zamanda Azərbaycanın apardığı böyük quruculuq işlərinin şahidi olurlar. Cənab Prezidentin ifadəsi ilə desək, “bunu indi bütün dünya görür – viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər.”
Prezident İlham Əliyev məscidlərin dağıdılmasına toxunarkən bildirdi ki, “65 məscid Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır.” Bu faktın beynəlxalq dini liderlərin diqqətinə çatdırılması xüsusilə əhəmiyyətlidir. Çünki söhbət yalnız Azərbaycanın tarixi-mədəni irsindən getmir. Bu, eyni zamanda İslam dünyasının mədəni irsinə vurulmuş zərərin nümayişidir. Cənab Prezidentin sözləri ilə, “bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi.”
Xüsusilə Ağdam məscidinin seçilməsi simvolik baxımdan diqqətçəkəndir. İşğal illərində dağıdılmış bu məscid indi beynəlxalq nümayəndələrin ziyarət etdiyi məkana çevrilir. Bir vaxtlar müharibənin və dağıntının simvolu olan Ağdam bu gün dirçəlişin, qayıdışın və yenidən quruculuğun ünvanlarından biridir. Bu dəyişiklik Azərbaycanın Qarabağ siyasətinin mahiyyətini də göstərir: dağıntının yerində həyat qurmaq və keçmişin yaralarını gələcəyin quruculuğu ilə sağaltmaq.
Bu mənada “Böyük Qayıdış” xüsusi əhəmiyyət daşıyır. Cənab Prezidentin bildirdiyinə görə, artıq Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır. O, bu prosesi belə qiymətləndirdi: “Həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir.” Bu rəqəmlər sadəcə statistik göstəricilər deyil. Hər qayıdan ailə otuz illik məcburi köçkünlük tarixinin bir səhifəsinin bağlanması deməkdir.
Azərbaycanın verdiyi mesajın başqa bir mühüm tərəfi də sülhlə bağlıdır. Cənab Prezident açıq şəkildə bildirdi: “Bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq.” Bununla yanaşı, Bakı tarixi yaddaşın qorunmasını da vacib hesab edir. Prezidentin sözləri ilə desək, “Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək.”
Bu fikir Azərbaycanın sülhə münasibətinin mahiyyətini də ortaya qoyur. Sülh keçmişi silmək, tarixi unutmaq və baş verənlərə göz yummaq deyil. Əksinə, davamlı sülh üçün tarixdən nəticə çıxarmaq, dövlətin təhlükəsizliyini və milli maraqlarını qorumaq lazımdır. Cənab Prezidentin çıxışında səslənən “biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq” fikri də məhz bu yanaşmanı ifadə edir.
Bakıdan verilən əsas mesaj da məhz budur: Azərbaycan artıq yalnız beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil. Azərbaycan həmin tədbirlərin gündəliyinə öz tarixini, öz mövqeyini və öz gələcəyə baxışını gətirən dövlətdir. Türk dünyasının nümayəndələri burada bir araya gəlir, İslam aləminin dini liderləri əməkdaşlıq və həmrəylik barədə danışır, Qafqazın nümayəndələri isə regionun gələcəyi ilə bağlı mesajları eşidirlər.
Bakının artan beynəlxalq nüfuzu da məhz bu çoxşaxəli mövqedən qaynaqlanır. Azərbaycan öz milli maraqlarını qoruyaraq müxtəlif coğrafiyaları bir araya gətirməyə çalışır. Türk dünyası ilə qardaşlıq, İslam aləmi ilə həmrəylik, Qafqazda sülh və əməkdaşlıq, Qarabağda isə quruculuq və qayıdış – bütün bunlar eyni siyasi xəttin ayrı-ayrı istiqamətləridir.
Cənab Prezidentin görüşdə səsləndirdiyi daha bir fikir bu siyasətin mahiyyətini əslində çox dəqiq ifadə edir: “Sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız... həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir.” Bu mesajın ünvanı genişdir. O, həm Türk dünyasına, həm İslam aləminə, həm Qafqaza, həm də beynəlxalq ictimaiyyətə yönəlib.
Bu gün Bakıdan dünyaya baxanda mənzərə dəyişib. Dünən Azərbaycan haqqında əsasən Qarabağ münaqişəsi kontekstində danışılırdısa, bu gün Azərbaycan özü regional gündəmin formalaşmasına təsir göstərən ölkələrdən biridir. Qarabağın azadlığı bu dəyişimin başlanğıcı oldu, diplomatik, iqtisadi, mədəni və dini təşəbbüslər isə həmin qələbənin siyasi nəticələrini möhkəmləndirir.
Bakı artıq sadəcə tədbir keçirən şəhər deyil. Bakı mesaj verən şəhərdir. Həmin mesajın mahiyyəti isə Cənab Prezidentin sözlərində öz ifadəsini tapır: “Azərbaycan xalqı... öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir.” İndi qarşıda duran vəzifə bu nəticələri sülh, quruculuq, qayıdış və əməkdaşlıqla möhkəmləndirməkdir.