- Offside
- 18:52 18.09.2026
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə növbəti görüşünü keçirib.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş nazirin federasiya rəhbərləri ilə 28-ci toplantısı olub.
Görüşdən əvvəl Fərid Qayıbov Akademiyada fəaliyyətə başlayan “AzerFit” layihəsinin icrası ilə tanış olub. Bildirilib ki, son 6 ay ərzində layihə çərçivəsində işçi və səyyar qruplar yaradılıb, təlimlər keçirilib, xüsusi otaq müvafiq avadanlıqlarla təchiz olunub.
Pilot mərhələdə Uşaq-Gənclər İdman Məktəblərindən 9-15 yaşlı 488 şagird layihəyə cəlb edilib. İştirakçılar 10 fiziki test və “AzerFit” çərçivəsində hesablanan göstəricilər əsasında qiymətləndirilib. Testlər uşaqların güc, dözümlülük, elastiklik, çeviklik və koordinasiya kimi əsas fiziki qabiliyyətlərinin müəyyənləşdirilməsinə imkan verir.
Nazir layihənin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Daha sonra federasiya nümayəndələri ilə keçirilən görüşdə gündəlikdə duran məsələlər müzakirə olunub. Toplantıda legionerlərlə bağlı məsələlər, “AzerFit” layihəsi, “Safeguarding”, Uşaq-Gənclər İdman Məktəblərinin yeni fəaliyyət modeli və “İdman veteranları” ictimai birliyinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Mərkəzləşdirilmiş Reyestr Sistemi, federasiyaların beynəlxalq idman qurumları ilə əlaqələri, yarışların canlı yayımlanması, “Yarışların keçirilmə qaydaları”nın hazırlanması və təsdiqinin rəqəmsallaşdırılması, “İdman səfirləri” və “SportExpo” layihələri ilə bağlı təqdimatlar keçirilib.
Görüşdə federasiyaların sosial media hesabatları da dinlənilib, gündəlikdə yer alan digər məsələlər ətrafında müzakirələr aparılıb.