22 sentyabr 2026. Çərşənbə axşamı

Qadınlar Super Liqasında yeni mövsümün püşkü atılıb


  • Offside
  • 11:07 21.09.2026
  • Oxunma sayı: 22
Qadınlar Super Liqasında yeni mövsümün püşkü atılıb

AFFA-nın təşkilatçılığı ilə keçirilən Qadınlar Super Liqasında 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbirin əvvəlində liqaya həsr olunmuş videoçarx nümayiş etdirilib, çempionatın yeni adı və loqosu təqdim olunub.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxışında komandaların peşəkarlıq səviyyəsinin yüksəldiyini bildirib. O, yeni mövsümün daha gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini qeyd edərək, qurumun qadın futbolunun inkişafına xüsusi diqqət ayırdığını vurğulayıb.

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva qadın futbolunun daha da inkişaf etdirilməsinin əsas hədəf olduğunu bildirib. O, turnirin ad dəyişikliyi və yeni rebrendinq konsepsiyası barədə məlumat verib.

Departamentin texniki direktoru Əmrah Aykurt isə çempionatın reqlamenti və gənc futbolçuların inkişaf perspektivlərindən danışıb. O, mövsüm ərzində yüksək rəqabət mühitinin qorunmasının əsas məqsədlərdən biri olduğunu qeyd edib.

Yeni mövsümdə 12 komanda mübarizə aparacaq. Çempionat iki mərhələdən ibarət olacaq. İlk mərhələnin yekununda 1-6-cı yerləri tutan komandalar A qrupunda, 7-12-ci pillələrdə qərarlaşan kollektivlər isə B qrupunda mübarizəni davam etdirəcəklər.

Püşkatmanın nəticəsinə əsasən, I turun cütlükləri belə müəyyənləşib:

“Dirçəliş” – “Sumqayıt”
“İmişli” – “Neftçi”
“Ümid” (Gəncə) – “Baku Juniors”
“Araz-Naxçıvan” – “Goranboy”
“Liman” – “Sabah”
“Şəfa” – “Qəbələ”

Qeyd edək ki, Qadınlar Super Liqasında yeni mövsümün ilk tur oyunları oktyabrın 18, 19 və 20-də keçiriləcək.







Offside