22 sentyabr 2026. Çərşənbə axşamı

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub


  • Offside
  • 17:26 21.09.2026
  • Oxunma sayı: 26
AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

AFFA Region Liqasının 2026/2027-ci illər mövsümünün yeni formatına həsr olunmuş təqdimat mərasimi keçirilib.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, tədbir sentyabrın 18-də təşkil olunub. Açılış nitqi ilə çıxış edən qurumun baş katibi Cahangir Fərəcullayev regionlarda futbolun kütləviliyinin artırılmasının və Region Liqasının yeni inkişaf mərhələsinə keçirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

Daha sonra yeni mövsümün reqlamenti, komandaların qruplaşdırılması və təqvimi barədə ətraflı təqdimat keçirilib.

Tədbirdə regional federasiyaların nümayəndələri ilə də fikir mübadiləsi aparılıb. Müzakirələrdə ötən mövsümlərdə üzləşilən təşkilati və infrastruktur çətinlikləri, hakimlik, eləcə də klubların qeydiyyatı zamanı yaranan problemlər diqqət mərkəzində olub.

Regional federasiya rəhbərləri təmsil etdikləri bölgələrdə futbolun mövcud vəziyyəti barədə məlumat verərək, yarışın daha səmərəli və peşəkar təşkili ilə bağlı təkliflərini səsləndiriblər.

AFFA rəhbərliyi qaldırılan məsələlərin həlli istiqamətində dəstəyin göstəriləcəyini bildirib. Maddi-texniki bazanın gücləndirilməsi, regionlarda futbol infrastrukturunun inkişafı və problemlərin operativ həlli məqsədilə konkret fəaliyyət planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, Region Liqasının yeni formatının əsas hədəflərindən biri bölgələrdə futbolun inkişafına və yarışların təşkilati səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.







Offside