- Offside
- 23:57 21.09.2026
Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında VI turun oyunları başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan milli komandası bu turda Argentina ilə qarşılaşıb. Görüş şahmatçılarımızın 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Aydın Süleymanlı rəqibinə qalib gəlib, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Məhəmməd Muradlı isə partiyalarını heç-heçə ilə başa vurublar.
Qadınlardan ibarət millimiz isə Qazaxıstan seçməsi ilə üz-üzə gəlib. Azərbaycan yığması bu görüşdə 1,5:2,5 hesabı ilə məğlub olub. Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva heç-heçə edib, Günay Məmmədzadə isə məğlub olub.
Beləliklə, kişilərdən ibarət Azərbaycan millisi Olimpiadada 6 turdan sonra 4 qələbə və 2 heç-heçə əldə edib. Komandamız Mərakezi 4:0, Filippini 3:1, İsveçrəni 3:1 və Argentinanı 2,5:1,5 hesabı ilə məğlub edib, Çexiya və Rumıniya ilə isə 2:2 hesablı heç-heçə edib.
Qadınlardan ibarət yığmamız isə ilk 5 turda Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5) və Serbiyaya (3:1) qalib gəlib. VI turda isə Qazaxıstana uduzub.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq. Yarışda 208 komandanın heyətində 1 032 şahmatçı mübarizə aparır.