- Offside
- 23:44 22.09.2026
Milli Olimpiya Komitəsində (MOK) Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə görüş keçirilib.
MOK-dan 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Yunanıstan arasında idman sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə iki ölkənin Olimpiya komitələri arasında uzunillik və dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O, Azərbaycan və Yunanıstanın idman sahəsində əlaqələrinin yüksək səviyyədə davam etdiyini diqqətə çatdırıb.
Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou isə ölkəsinin Azərbaycanla idman sahəsində əməkdaşlığa önəm verdiyini qeyd edib. Diplomat Azərbaycan və Yunanıstan idmançıları arasında təcrübə mübadiləsinin artırılması, eləcə də qarşılıqlı təlim-məşq toplanışlarının təşkili imkanlarının müzakirə edilməsini təklif edib.
Görüşdə yunanıstanlı idmançıların Bakıda, Azərbaycan təmsilçilərinin isə Yunanıstanda təlim-məşq toplanışları keçirməsi, həmçinin federasiyalar arasında birbaşa əlaqələrin qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
MOK-un baş katibi Azər Əliyev iki ölkənin idman federasiyaları arasında əməkdaşlığın genişləndirilməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.
O, Azərbaycan və Yunanıstanın müxtəlif idman növlərində fərqli ənənələrə və üstünlüklərə malik olduğunu vurğulayaraq, bunun qarşılıqlı təcrübə mübadiləsi üçün yeni imkanlar yarada biləcəyini qeyd edib.
Görüşdə həmçinin iki ölkə arasında idman sahəsində əlaqələrin inkişafı və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Sonda Çingiz Hüseynzadə Maria Papakonstantinouya xatirə hədiyyəsi təqdim edib.