- Offside
- 23:44 22.09.2026
2026/2027-ci illər mövsümündə voleybol üzrə Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov, Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, aşağı yaş qrupları üzrə təlim işləri koordinatoru Nərgiz İsmayılova, klubların nümayəndələri və federasiyanın əməkdaşları iştirak ediblər.
Görüşdə bildirilib ki, ötən mövsümlərdə “Yüksək Liqa” adı ilə keçirilən yarış 2026/2027 mövsümündən etibarən “Super Liqa” adlanacaq. Həmçinin yeni mövsümün əsasnaməsi klub nümayəndələrinə təqdim olunub.
AVF rəsmisi Şir-Aslan Kərimovun sözlərinə görə, yeni mövsümdə qadınlar arasında 9, kişilər arasında isə 6 komanda mübarizə aparacaq.
Qadınların yarışında “Turan”, “DH Volley”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “Azərmaş Abşeron”, “Murov Az Terminal”, “AZERRAIL” və “Naxçıvan” iştirak edəcəklər. Kişilərin Super Liqasında isə “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” komandaları çıxış edəcəklər.
Yeni mövsümdə qadınların yarışında iki dəyişiklik olacaq. Ötən mövsüm “Abşeron” adı ilə çıxış edən komanda bu dəfə “Azərmaş Abşeron” adını daşıyacaq. “Naxçıvan” isə tarixində ilk dəfə Super Liqada iştirak edəcək.
Super Liqanın 2026-cı ilin oktyabrında start götürməsi və 2027-ci ilin aprelində başa çatması planlaşdırılır. Yarış liqa və pley-off mərhələlərindən ibarət olacaq.
Qadınların yarışında liqa mərhələsi ev-səfər prinsipi ilə dairəvi sistem üzrə bir dövrədən ibarət keçiriləcək. Sonda ilk 8 pillədə qərarlaşan komandalar pley-offa yüksələcəklər.
Kişilərin yarışında isə komandalar ev-səfər prinsipi ilə iki dövrədə qarşılaşacaqlar. Liqa mərhələsinin yekununda ilk 4 pilləni tutan kollektivlər pley-offda mübarizə aparacaqlar.
Görüş zamanı yarışın keçirilmə qaydaları, yeni tələblər, qeydiyyat və digər təşkilati məsələlər də müzakirə olunub.