- Offside
- 23:37 23.09.2026
ABŞ-ın MLS liqasında çıxış edən “Kolumbus Kryu” klubu ikinci komandanın baş məşqçisi Federiko İquainlə yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, qərara argentinalı mütəxəssisin qadın hakimə qarşı cinsiyyətçi ifadə işlətməsi səbəb olub.
“Kolumbus Kryu”nun baş meneceri İssa Tall bildirib ki, aparılan qiymətləndirmədən sonra İquainin komanda üçün uyğun mütəxəssis olmadığı qənaətinə gəliblər.
“Federiko İquaini vəzifəsindən uzaqlaşdırmağın klubumuzun, futbolçularımızın və əməkdaşlarımızın maraqlarına uyğun olduğuna qərar verdik. Bu həftə apardığımız müzakirələr və son bir ay ərzində baş verənləri daha ətraflı nəzərdən keçirdikdən sonra onun klubumuzun komandalarından birinə rəhbərlik edən şəxslərdən gözlənilən standartlara cavab vermədiyi qənaətinə gəldik”, – deyə Tall bildirib.
Qeyd edək ki, İquain avqustun 23-də “Hantsvill Siti” ilə oyunda qadın hakimlə əl sıxarkən “Bu, kişi oyunudur” ifadəsini işlədib. Bundan sonra mütəxəssis iki oyunluq cəzalandırılıb.
Hakimlər həmkarlar ittifaqı isə verilən cəzanın kifayət qədər sərt olmadığını açıqlayıb.