25 sentyabr 2026. Cümə

“Benfika” “Portu” ilə matçdakı 4 epizodla bağlı araşdırma tələb etdi


  • Offside
  • 23:07 24.09.2026
  • Oxunma sayı: 15
“Benfika” “Portu” ilə matçdakı 4 epizodla bağlı araşdırma tələb etdi

“Benfika” Portuqaliya çempionatında “Portu”ya 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra Portuqaliya Futbol Federasiyasının İntizam Şurasına müraciət edib.

90deqiqe.Az-ın məlumatına görə, Lissabon klubu dörd epizodla bağlı intizam araşdırmasının başlanmasını tələb edib. Bu barədə “Record” məlumat yayıb.

“Benfika”nın ilk şikayəti “Portu”nun forma və avadanlıq xidmətinin əməkdaşının davranışı ilə bağlıdır. Lissabon klubu hesab edir ki, həmin şəxs meydan sahiblərinin ikinci qolundan sonra qonaq komandanın ehtiyat oyunçular skamyasına qarşı təhqiramiz jestlər edib.

Bundan başqa, “Benfika” Qabri Veiqanın da araşdırılmasını tələb edib. Klubun iddiasına görə, yarımmüdafiəçi komandanın ehtiyat oyunçular skamyasına tərəf butulka atıb.

Şikayətin digər bəndi “Drаqau” stadionunda səsləndirilən musiqi və digər əyləncə elementləri ilə bağlıdır. “Benfika” bunları qonaq azarkeşlərə qarşı təxribat xarakterli və hörmətsiz davranış kimi qiymətləndirib. Klub hesab edir ki, bununla bağlı stadionun diskvalifikasiyasına qədər sanksiya tətbiq oluna bilər.

Bundan əlavə, “Benfika” “Porto Canal”ın komandanın ehtiyat oyunçular skamyasından görüntüləri necə əldə etdiyini araşdırmağı, çəkiliş və görüntülərin yayımlanmasının qanuni olub-olmadığını müəyyənləşdirməyi tələb edib.

Bu müraciət matçdan sonra iki klub arasında yaranan qarşıdurmanın növbəti epizodu olub. Daha əvvəl “Benfika” prezidenti Rui Koşta hakim Migel Noqeyranın idarəçiliyini tənqid edərək, qərarlarda “ikili meyar” tətbiq edildiyini bildirib.

Lissabon klubu görüşdən sonra səkkiz mübahisəli epizodun yer aldığı video da yayımlayıb. Videonu “tamamilə normal şeylər” ifadəsi ilə müşayiət edib. Bu, “Portu”nun baş məşqçisi Françesko Fariolinin matçda qeyri-adi heç nəyin baş vermədiyi barədə fikirlərinə göndərmə olub.







Offside