- Offside
- 23:07 24.09.2026
Özbəkistanın Səmərqənd şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyasının iclası keçirilib.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Şahmat Federasiyasından bildirilib.
Toplantıya assosiasiyanın baş katibi İlahə Qədimova sədrlik edib. İclasda qurumun 2030-cu ilədək inkişaf strategiyası müzakirə olunub.
Strategiya çərçivəsində Türkdilli Ölkələrin Şahmat Akademiyasının (“Turkic Chess Academy”) yaradılması, yeni beynəlxalq turnirlərin təşkili, məşqçi və hakimlərin peşəkar hazırlığı ilə bağlı proqramların həyata keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, akademiya üzv ölkələrin şahmat məktəblərinin təcrübəsini vahid platformada birləşdirəcək. Layihə çərçivəsində məşqçi və hakimlərin birgə hazırlanması, təcrübə mübadiləsi, seminar və təhsil proqramlarının keçirilməsi planlaşdırılır.
Həmçinin şahmat sahəsində rəqəmsal texnologiyaların tətbiqi və bu istiqamətdə mütəxəssis mübadiləsinin genişləndirilməsi əsas prioritetlər sırasında yer alacaq.
Assosiasiya yaxın illərdə komanda və fərdi yarışların sayını artırmağı, birgə təlim-məşq toplanışları keçirməyi planlaşdırır. Yeniyetmə şahmatçılar və veteranlar üçün də xüsusi turnirlərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, iclasda Azərbaycanı Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov təmsil edib.