25 sentyabr 2026. Cümə

Laçında “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib


  • Offside
  • 13:33 25.09.2026
  • Oxunma sayı: 36
Laçında “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

23 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilati dəstəyi ilə Laçın şəhərində “Qarabağ Gecəsi - Laçın” adlı xeyriyyə konserti keçirilib.

Fonddan 90deqiqe.Az-a bildirilib ki, Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və Laçın rayonunun sakinləri iştirak ediblər.

Tədbirdə salamlama nitqi ilə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq prosesindən, xüsusən də Laçının inkişafı və şəhərin mədəni həyatının canlandırılması istiqamətində görülən işlərdən danışıb.

“Qarabağ Gecəsi - Laçın” xeyriyyə konsertinin təşkilində əməyi keçən bütün təşkilatçılara təşəkkürünü bildirən Məsim Məmmədov belə tədbirlərin Laçının mədəni potensialının nümayiş etdirilməsi və burada mədəni tədbirlərin təşkilinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək “Qarabağ Gecəsi - Laçın” xeyriyyə konsertinin məqsəd və əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, mədəni həyatın inkişafı və tarixi-mədəni irsin qorunması da Qarabağın dirçəliş prosesinin mühüm istiqamətlərindəndir.

“Qarabağ Gecəsi - Laçın” xeyriyyə konserti çərçivəsində Fondun və onun donor və tərəfdaşlarının adından Laçın şəhərinə “Yamaha” istehsalı olan böyük konsert royalının təqdim edildiyini diqqətə çatdıran Rəhman Hacıyev bildirib ki, bu təşəbbüs şəhərin mədəni həyatının zənginləşməsinə və musiqi ənənələrinin yaşadılmasına xidmət edəcək.

Bu günədək beş dəfə keçirilən “Qarabağ Gecəsi” xeyriyyə konsertlərinin təşkilinə və həyata keçirilməsinə dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirən Rəhman Hacıyev onların bu təşəbbüsə verdiyi dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli çıxış edərək “Qarabağ Gecəsi - Laçın” xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşüb, onun işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasına verdiyi töhfəni xüsusi olaraq qeyd edib.

Çıxışlardan sonra bədii hissə ilə davam edən tədbirdə tanınmış musiqiçilərin ifasında Azərbaycan və dünya musiqisindən əsərlər səsləndirilib. Mustafa Mehmandarovun dirijorluq etdiyi konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli və Yeganə Axundova, Əməkdar artist Emil Əfrasiyab (piano), Nəzrin Aslanlı (violin), solistlər Mahir Tağızadə və Aysun Mahmudzadə konsert zamanı dinləyicilərə unudulmaz musiqi anları bəxş ediblər.

Xatırladaq ki, daha öncə “Qarabağ Gecəsi” xeyriyyə konsertindən əldə edilən ianə hesabına Qarabağ Dirçəliş Fondu tərəfindən mədəniyyət paytaxtımız Şuşa şəhərinə “Yamaha” istehsalı olan böyük konsert royalı hədiyyə edilib.







Offside