- Offside
- 21:00 28.09.2026
Azərbaycan idmançıları Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən hapkido üzrə açıq dünya birinciliyi və çempionatında 13 medal qazanıblar.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, kyoruqi (döyüş) proqramında Yusif Məmmədli (33 kq), Nilufər Əliyeva (62 kq) və Rəvan Məmmədov (+87 kq) qızıl medala sahib olublar. Xədicə Vəlizadə (52 kq) və Fərid Əlizadə (+65 kq) gümüş, Zəhra Manafova (49 kq), Ərgün İba (51 kq) və Əbdülvahab Əliyev (65 kq) isə bürünc medal qazanıblar.
Xosinsul (fərdi çıxış) proqramında Nilufər Əliyeva bürünc medala sahib çıxıb. Kompleks fənlər üzrə Zəhra Manafova və Xədicə Vəlizadə gümüş medal əldə ediblər.
Silahla fristayl proqramının nunçaku növündə Fərid Əlizadə, maneələr üzərindən uzunluğa tullanma yarışında isə Əbdülvahab Əliyev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, Azərbaycan təmsilçiləri Çolpon-Atadakı yarışda 5 qızıl, 4 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 13 medal qazanıblar.