- Offside
- 21:00 28.09.2026
Sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri öncəsi Azərbaycan Su İdmanı Növləri Federasiyasının nümayəndələri Füzulidə sakinlərlə görüş keçiriblər.
Federasiyandan 90deqiqe.Az-a verilən məlumata görə, yeni salınmış şəhərciyə köçən sakinlərlə görüş zamanı sentyabrın 29-da Köndələnçay su anbarında təşkil olunacaq tədbirin proqramı barədə məlumat verilib.
Bildirilib ki, Füzuli “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasiminə və ilk yarış gününə ev sahibliyi edəcək.
Saat 11:00-dan etibarən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları və su şouları təşkil olunacaq. Uşaq və yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar keçiriləcək, iştirakçılara federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq.
Füzuli sakinləri üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılacaq.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026”da Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edəcək.
Sentyabrın 29-da Füzulidə açılış mərasimi və ilk yarışların keçirilməsindən sonra turnir sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.