- Offside
- 21:00 28.09.2026
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatma mərasimi baş tutub.
ASİNF-dan 90deqiqe.Az-a verilən məlumata görə, iştirakçı ölkələrin məşqçiləri və hakimlərinin qatıldığı püşkatmada idmançıların yarış proqramına uyğun çıxış ardıcıllığı və iştirak edəcəkləri məsafələr müəyyənləşdirilib.
Püşkatmanın nəticələrinə əsasən, turnirin ilk yarış günü sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında keçiriləcək. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq.
Sentyabrın 30-u və oktyabrın 1-də isə mübarizə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. İdmançılar burada bütün növlər və məsafələr üzrə çıxış edəcəklər.
Beynəlxalq turnir öncəsi hakimlərin iclası da keçirilib. Toplantıda yarışların keçirilmə qaydaları, hakimlərin fəaliyyət istiqamətləri və texniki məsələlər müzakirə olunub.
Həmçinin yarışların start və finiş nöqtələri müəyyənləşdirilib, fotofiniş sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri nəzərdən keçirilib. Hakimlərə yarış zamanı diqqət yetiriləcək əsas məqamlar və texniki tələblərlə bağlı məlumat verilib.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026”da Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.