- Offside
- 20:35 29.09.2026
Azərbaycan qadın basketbol millisinin yeni baş məşqçisi müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumatına görə, yunanıstanlı mütəxəssis İoannis Diamantakos bu vəzifəyə təyin olunub. O, eyni zamanda bütün yaş qrupları üzrə qadın milli komandalarının koordinatoru olacaq.
Diamantakosla 2 illik müqavilə imzalanıb.
Mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanının “AlUla” klubu olub. O, daha əvvəl Livan Basketbol Federasiyasında texniki koordinator, həmçinin bu ölkənin qadınlardan ibarət əsas milli komandasında, U-18 oğlan və qız yığmalarında baş məşqçi kimi çalışıb. Bundan əlavə, Fələstin milli komandasına və Rumıniyanın U-20 yığmasına rəhbərlik edib.
Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Diamantakosun karyerasında FIBA Asiya Kubokunun B divizionunda U-18 qadınlar arasında və U-18 WABA turnirində gümüş medallar, Fələstin Basketbol Liqasında çempionluq və Yunanıstanda iki liqa çempionluğu var. O, komandaları ilə Avropa Kubokunda ən güclü səkkizlikdə yer alıb və U-20 Avropa çempionatını 5-ci pillədə başa vurub.
İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktorudur.
Yeni baş məşqçinin əsas milli komanda ilə ilk hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək 2029-cu il qadınlar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparmaqdır. Qarşıdakı dövrdə U-16, U-18 və U-20 yığmalarının hazırlığı da diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Diamantakos yeni vəzifəsində əsas milli komanda ilə yanaşı, qadın basketbolunun bütün yaş qrupları üzrə inkişaf proqramına da rəhbərlik edəcək.