- Offside
- 20:35 29.09.2026
Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının yeni baş məşqçisi müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, türkiyəli mütəxəssis Gökhan Edman bu vəzifəyə təyin olunub.
Gökhan Edman Türkiyənin gənc qızlardan ibarət milli komandasına rəhbərlik etdiyi dövrdə 2011/2012-ci illər mövsümündə Avropa çempionu olub. Türkiyə yığması onun rəhbərliyi altında 2012-2013-cü illərdə dünya çempionatını 5-ci pillədə başa vurub.
Mütəxəssis müxtəlif illərdə Türkiyənin A, A2, gənc və yeniyetmə milli komandalarında çalışıb. Onun rəhbərliyi ilə Türkiyə yığmaları Balkan çempionatında və “Spring Cup” turnirində bir sıra titullara sahib olublar.
Klub karyerasında “Eczacıbaşı”, “Galatasaray”, “Vakıfbank Güneş Sigorta” və “Sarıyer Belediyespor” komandalarında baş məşqçi kimi fəaliyyət göstərən Edman 1998-1999-cu illər mövsümündə “Eczacıbaşı” ilə CEV Kubokunun qalibi olub. O, 1999-2000-ci illərdə komanda ilə Çempionlar Liqasında üçüncü yeri tutub.
Gökhan Edman “Galatasaray”la da CEV Kubokunda bürünc medal qazanıb. “Eczacıbaşı”nın qadınlardan ibarət əsas komandası ilə isə iki dəfə Türkiyə çempionu olub.
Qeyd edək ki, türkiyəli mütəxəssis uzun illər Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib. O, həmçinin Mini Voleybol və Qadın Milli Komandaları Texniki Qurumunun üzvü olub.