29 sentyabr 2026. Çərşənbə axşamı

Azərbaycanın U-19 futzal millisinin Avropa çempionatında rəqibləri müəyyənləşəcək


  • Offside
  • 11:03 29.09.2026
  • Oxunma sayı: 29
Azərbaycanın U-19 futzal millisinin Avropa çempionatında rəqibləri müəyyənləşəcək

2027-ci ildə Qazaxıstanda keçiriləcək 19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsi üzrə püşkatmanın vaxtı müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a məlumatına görə, püşkatma oktyabrın 2-də saat 16:30-da keçiriləcək.

Turnirdə təşkilatçı ölkə Qazaxıstan da daxil olmaqla 38 milli komanda iştirak edəcək. Qazaxıstan yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb.

Qalan 37 komandadan reytinqi ən aşağı olan 12-si ilkin mərhələdə mübarizəyə başlayacaq. Bu komandalar hər birində 4 iştirakçı olmaqla üç qrupa bölünəcək. Qarşılaşmalar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək və yalnız qrup qalibləri əsas seçmə mərhələsinə yüksələcəklər. Onlar bu mərhələdə digər 25 milli komandaya qoşulacaqlar.

Hazırda reytinqdə 24-cü pillədə qərarlaşan Azərbaycan U-19 yığması mübarizəyə əsas seçmə mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il martın 30-dan aprelin 4-dək keçiriləcək.

28 komanda hər birində 4 milli olmaqla 7 qrupa bölünəcək. Mini-turnir formatında keçiriləcək qrup oyunlarının hər birinə bir ölkə ev sahibliyi edəcək. Yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar.

Mini-turnirlərə ev sahibliyi edəcək ölkələr artıq müəyyənləşib. Bunlar Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova və Rumıniyadır.

Azərbaycan millisi püşkatma zamanı qrupunun dördüncü komandası olacaq. Buna görə də futzalçılarımız Moldova və Rumıniya ilə eyni qrupa düşməyəcək.

Avropa çempionatının final mərhələsi isə gələn il sentyabrın 26-dan oktyabrın 3-dək Qazaxıstanın Astana şəhərindəki “Jekpe-Jek Hall”da keçiriləcək.

Final mərhələsində əsas seçmə mərhələsinin 7 qrup qalibinə Qazaxıstanın U-19 millisi də qoşulacaq.

Qeyd edək ki, püşkatma zamanı komandalar 5 səbətə bölünüb:

1-ci səbət: Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova, Rumıniya.

2-ci səbət: İspaniya, Ukrayna, Fransa, Çexiya.

3-cü səbət: Macarıstan, Polşa, Belçika, Serbiya, Bosniya və Herseqovina.

4-cü səbət: Finlandiya, Latviya, Belarus, Yunanıstan, Niderland, Slovakiya, İngiltərə.

5-ci səbət: Azərbaycan, Monteneqro və ilkin mərhələnin üç qrupunun qalibləri.







Offside