- Offside
- 22:25 29.09.2026
Avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ilk yarış günü başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (AWSF) birgə təşkilatçılığı ilə keçirilən turnirin ilk günü Füzulidə Köndələnçay su anbarında baş tutub.
Rəsmi açılış mərasimindən sonra yarışlara start verilib. İlk gündə kayak və kanoe üzrə 200 metr məsafədə yürüşlər keçirilib və müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl, Nuran Rəhimli (hər ikisi 2008/2009, 1 nəfərlik kayak) gümüş, Hüseyn Səmədli (2008/2009, 1 nəfərlik kanoe) və Elmir Tağıyev (2010/2011, 1 nəfərlik kayak) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026”da Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edir.
Turnirin növbəti iki yarış günü sentyabrın 30-da və oktyabrın 1-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Burada avarçəkmənin bütün növləri və məsafələri üzrə yarışlar təşkil olunacaq.