29 sentyabr 2026. Çərşənbə axşamı

Azərbaycan Su İdmanı Federasiyası balıqçılıq və yelkən üzrə də fəaliyyət göstərəcək


  • Offside
  • 17:29 29.09.2026
  • Oxunma sayı: 31
Azərbaycan Su İdmanı Federasiyası balıqçılıq və yelkən üzrə də fəaliyyət göstərəcək

Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) son illərdəki fəaliyyəti, həyata keçirilən dəyişikliklər və yeni istiqamətləri ilə bağlı mətbuat konfransı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə bildirilib ki, federasiyanın fəaliyyət istiqamətləri genişləndirilib və yelkən, eləcə də balıqçılıq idmanı qurumun fəaliyyətinə əlavə olunub. Dövlət tərəfindən göstərilən etimadı doğrultmaq məqsədilə yeni istiqamətlər üzrə müxtəlif layihə və yarışların təşkilinə başlanılıb.

Qeyd olunub ki, bir müddət əvvəl federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı Federasiyası adlandırılıb. Bununla yanaşı, qurumun loqosu və digər vizual elementlərində də yeniliklər edilib.

Mətbuat konfransında balıqçılıq idmanı üzrə keçirilən yarışlar barədə də məlumat verilib. Bildirilib ki, bu istiqamətdə iki yarış – “Cup Fishing” və sazan balığı ovçuluğu üzrə turnir təşkil olunub. Şamaxının Çuxuryurd ərazisində keçirilən yarışlarda ekoloji tələblərə əməl edilib, tutulan balıqlar zərər yetirilmədən yenidən suya buraxılıb. Bundan əlavə, Xəzər dənizində sahildən balıq tutma üzrə yarış da keçirilib.

Federasiyanın rəsmi internet saytında da yeniliklərin olduğu diqqətə çatdırılıb. Bildirilib ki, qurumun rəsmi saytına artıq “azwatersport.az” ünvanı vasitəsilə daxil olmaq mümkündür. Federasiyanın sosial şəbəkə hesablarında da dəyişikliklər aparılıb.

Tədbirdə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin Füzuli mərhələsi də müzakirə olunub. Bildirilib ki, Azərbaycan komandasının burada qazandığı nəticələr qənaətbəxşdir və növbəti yarışlarda da uğurlu çıxışların davam etdirilməsi gözlənilir.







Offside