- Offside
- 22:25 29.09.2026
Sentyabrın 29-da “Four Seasons” hotelində Azərbaycan Basketbol Federasiyasının (ABF) 2026/2027-ci illər mövsümünün başlanması və ötən mövsümün yekunlarına həsr olunmuş tədbir keçirilib.
ABF-dan 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə əvvəlcə federasiyanın mətbuat katibi Sənan Əliyev ötən mövsümün hesabatını təqdim edib. O, federasiyanın həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə əldə olunan nəticələr və qarşıdakı dövrdə nəzərdə tutulan yeniliklər barədə məlumat verib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda basketbolun inkişaf istiqamətlərindən və bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycan basketbolunun həm milli komanda, həm də klub səviyyəsində beynəlxalq arenada əldə etdiyi nəticələri də qeyd edib.
ABF prezidenti Emin Əmrullayev isə federasiyanın fəaliyyət prinsipləri və yerli çempionatın rəqabət qabiliyyətinin artırılması istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüb.
Tədbirin sonunda Emin Əmrullayev federasiyanın rəsmi tərəfdaşlarına və hakimlərə xüsusi hədiyyələr təqdim edib. Ardınca media nümayəndələri üçün brifinq təşkil olunub.
Jurnalistlərin suallarını cavablandıran federasiya rəhbəri yeni mövsümün basketbol ictimaiyyəti üçün daha maraqlı keçəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Azərbaycanda yeni basketbol mövsümünə sentyabrın 30-da start veriləcək.