- Offside
- 22:14 30.09.2026
Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci gününü 7 medalla başa vurublar.
90deqiqe.Az-ın məlumatına görə, akademik avarçəkmə üzrə 1500 metr məsafəyə yarışda (2008-2009) Azər İlyasov birinci yeri tutub.
500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov cütlüyü 1:54.51 nəticə ilə qızıl medal qazanıb. Nuran Rəhimli – Elvin Əliyev tandemi isə 2:03.43 göstərici ilə üçüncü olub.
1000 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2010-2011) Elmir Tarverdiyev – Mustafa Vəlizadə cütlüyü gümüş medala sahib çıxıb.
1000 metr məsafəyə 1 nəfərlik kanoe yarışında (2008-2009) Hüseyn Səmədli 4:43.54 nəticə ilə bürünc medal qazanıb.
Akademik avarçəkmə üzrə 1500 metr məsafəyə 2 nəfərlik qayıq yarışında Məhəmməd Həsənov – İlyas İbrahimov cütlüyü üçüncü yeri tutub. 1000 metr məsafəyə 1 nəfərlik qayıq yarışında isə Əlimurad Hacızadə (2008-2009) qalib olub.
Qeyd edək ki, turnirin ötən gün Füzulidə, Köndələnçay su anbarında keçirilən ilk mərhələsində Azərbaycan idmançıları 4 medal qazanıblar. Əlimurad Hacızadə qızıl, Nuran Rəhimli gümüş, Hüseyn Səmədli və Elmir Tarverdiyev isə bürünc medala sahib olublar.
Beləliklə, Azərbaycan təmsilçiləri turnirin ilk iki günündə ümumilikdə 11 medal qazanıblar.
Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq “Mingəçevir Reqatası-2026”da Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.