- Offside
- 22:23 01.10.2026
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin son yarış günündə Azərbaycan təmsilçiləri daha 11 medal qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, 2008-2009-cu il təvəllüdlü idmançıların 500 metr məsafəyə 1 nəfərlik kayak yarışında Əlimurad Hacızadə birinci, Qiyas Əhmədov ikinci, Tengiz Qaqnidze isə üçüncü yeri tutub.
Eyni məsafəyə 1 nəfərlik kayak yarışında 2010-2011-ci il təvəllüdlü Mustafa Vəlizadə də qızıl medal qazanıb. 2008-2009-cu il təvəllüdlü Hüseyn Səmədli isə 500 metr məsafəyə 1 nəfərlik kanoe yarışını bürünc medalla başa vurub.
2008-2009-cu il təvəllüdlü idmançıların akademik avarçəkmə üzrə 1500 metr məsafəyə 2 nəfərlik qayıq yarışında Azər İlyasov – İsabala Dadaşzadə cütlüyü gümüş, Tunar Məmmədzadə – İsmayıl Şirinov tandemi isə bürünc medal əldə edib.
500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Elmir Tarverdiyev – Mustafa Vəlizadə cütlüyü gümüş medal qazanıb.
200 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2010-2011) Nizami Kərimov – Maqsud Mantayev cütlüyü üçüncü olub. 2008-2009-cu il təvəllüdlülərin eyni növündə Qiyas Əhmədov – Tengiz Qaqnidze cütlüyü qızıl, Sabir Ağayev – Mikayıl Vəliyev tandemi isə bürünc medala sahib çıxıb.
Beləliklə, Azərbaycan idmançıları yarışın Füzuli və Mingəçevirdə keçirilən ilk iki günündə qazandıqları 11 medala əlavə olaraq, son gündə daha 11 medal əldə ediblər. Bununla da milli komandanın turnirdə qazandığı medalların sayı 22-yə çatıb.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026”da Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.