1 oktyabr 2026. Cümə axşamı

“İpək Yolu” Dünya Kubokunda Azərbaycan üzgüçüsündən rekord


  • Offside
  • 13:53 01.10.2026
  • Oxunma sayı: 32
“İpək Yolu” Dünya Kubokunda Azərbaycan üzgüçüsündən rekord

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunda təsnifat mərhələsi baş tutub.

ASF-dən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Vlastilina Xasyanova və Yeqor Maynitski ümumilikdə 9 növdə mübarizə aparıblar.

Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq üsulla üzmədə 1:05.39 nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib.

Abdurrəhman Rüstəmov isə 100 metr məsafəyə kəpənək üsulu ilə üzmədə 53.02 saniyə nəticə göstərərək finala yüksəlib.

Final sessiyasında 200 metr məsafəyə brass üsulu ilə Anastasiya Boborıkina, 200 metr məsafəyə kəpənək üsulu ilə Anastasiya Qnusina, Mehri Abdurəhmanlı və Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsulla isə Oqtay Hüseynov çıxış edəcəklər.

Bundan əlavə, 400 metr məsafəyə sərbəst üsulla üzmədə Anastasiya Qnusina, 50 metr məsafəyə arxasıüstə üsulla Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsulla Fərhad Şirməmmədli və Amin Oruclu şəxsi rekordlarını yeniləyiblər.

Yeqor Maynitski isə həm 100 metr məsafəyə qarışıq, həm də brass üsulu ilə üzmədə şəxsi nəticəsini yaxşılaşdırıb.

Yarışın axşam seansından əvvəl, saat 18:30-da açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, “İpək Yolu” Dünya Kuboku oktyabrın 1-dən 3-dək Bakı Su İdmanı Sarayında 44 ölkədən 216 idmançının iştirakı ilə keçirilir.







Offside