1 oktyabr 2026. Cümə axşamı

Bakıda “İpək Yolu” Dünya Kubokunun açılış mərasimi keçirilib


  • Offside
  • 18:51 01.10.2026
  • Oxunma sayı: 33
Bakıda “İpək Yolu” Dünya Kubokunun açılış mərasimi keçirilib

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun açılış mərasimi baş tutub.

 90deqiqe.Az-ın məlumatına görə, Bakı Su İdmanı Sarayında keçirilən tədbirdə Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm, ASF-nin prezidenti Zaur Əliyev, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimində ilk olaraq Fərid Qayıbov çıxış edib. Nazir Azərbaycanın hər il müxtəlif mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bu sahənin inkişafına, müasir idman infrastrukturunun yaradılmasına və Azərbaycanın beynəlxalq yarışların keçirildiyi mərkəzlərdən birinə çevrilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Fərid Qayıbov ilk dəfə üzgüçülük üzrə Dünya Kubokunun Azərbaycanda təşkil olunduğunu qeyd edərək iştirakçıları bu münasibətlə təbrik edib.

Daha sonra çıxış edən Zaur Əliyev Dünya Kubokunun ilk dəfə Azərbaycanda keçirilməsinin ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. ASF prezidenti yarışın təşkilinin Azərbaycana göstərilən dəstəyin nümunəsi olduğunu vurğulayıb.

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm də Bakıdakı Dünya Kubokunun açılışında iştirakından məmnunluğunu ifadə edib. O, yüksək səviyyəli yarışın təşkilinə göstərilən səyləri qeyd edib və Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan Üzgüçülük Federasiyasına və təşkilat komitəsinə təşəkkürünü çatdırıb.

Çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca açılış mərasimi şou proqramı ilə davam edib.

Qeyd edək ki, “İpək Yolu” Dünya Kuboku oktyabrın 1-dən 3-dək Bakı Su İdmanı Sarayında 44 ölkədən 216 idmançının iştirakı ilə keçirilir.







Offside