- Offside
- 21:47 02.10.2026
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış gününə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, Su İdmanı Sarayında təşkil olunan turnirin ikinci günündə idmançılar təsnifat mərhələsində müxtəlif məsafələrdə mübarizə aparırlar.
Proqrama əsasən, kişilər 50 metr arxasıüstə, 200 metr kompleks, 50 metr brass, 100 metr sərbəst, 200 metr batterflay və 1500 metr sərbəst üsulda üzəcəklər. Qadınlar isə 200 metr sərbəst, 100 metr arxasıüstə, 50 metr batterflay və 100 metr brass növlərində qüvvələrini sınayırlar.
Dünya Kubokunun Bakı mərhələsində 44 ölkədən 216 idmançı iştirak edir.
Azərbaycanı yarışda 15 üzgüçü – Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitski təmsil edir.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsi oktyabrın 3-də başa çatacaq.