- Offside
- 21:47 02.10.2026
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış gününə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski ümumilikdə 8 növdə mübarizə aparıblar.
Yeqor Maynitski 200 metr məsafəyə qarışıq üsulla üzmədə 2:03,69 nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib. Anastasiya Boborıkina da 100 metr brass üsulu ilə 1:15,32 nəticə göstərərək ölkə rekorduna imza atıb.
Kişilər arasında 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışı gərgin mübarizə ilə yadda qalıb. 60 dövrədən ibarət yarışda belçikalı Lukas Anvo 14:34,98 nəticə ilə birinci olub. Almaniya təmsilçisi Sven Şvarts 14:35,41 nəticə ilə ikinci, ABŞ üzgüçüsü Karson Foster isə 14:40,83 göstərici ilə üçüncü yeri tutub.
Bundan əlavə, 50 metr brass üsulu ilə üzmədə Yeqor Maynitski, 100 metr sərbəst üsulla yarışda Ramal Sadıqlı, 1500 metr sərbəst üsulla üzmədə isə Amin Oruclu və Fərhad Şirməmmədli şəxsi rekordlarını yeniləyiblər.
Axşam seansında Azərbaycanı yalnız Fatimə Alkərəmova təmsil edəcək. O, 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında çıxış edəcək. Final mərhələsi saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsində 44 ölkədən 216 üzgüçü iştirak edir. Azərbaycan yarışda 15 idmançı ilə təmsil olunur.
Turnirin Bakı mərhələsi oktyabrın 3-də başa çatacaq.