2 oktyabr 2026. Cümə

Bakıda ilboyu xizək və snoubord təlimləri üçün yeni mərkəz fəaliyyətə başlayıb


  • Offside
  • 16:26 02.10.2026
  • Oxunma sayı: 32
Bakıda ilboyu xizək və snoubord təlimləri üçün yeni mərkəz fəaliyyətə başlayıb

Bakıda ilboyu xizək və snoubord üzrə təlim keçməyə imkan verən “Ski Center Baku” fəaliyyətə başlayıb.

Azərbaycan Qış İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi kimi təqdim olunan “Ski Center Baku”nun açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

2800 kvadratmetr sahəni əhatə edən mərkəzdə üç “MaxxTracks” məşq yamacı və “Olympus SkyTech” simulyatoru quraşdırılıb. Burada həm yeni başlayanlar, həm də təcrübəli xizəkçi və snoubordçular üçün ilboyu məşqlərin keçirilməsi nəzərdə tutulur.

Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri uşaqların və gənclərin qış idman növlərinə cəlb olunması olacaq. Bununla yanaşı, məktəblilər üçün tanışlıq proqramları, məşq qrupları və məşqçi seminarlarının təşkili planlaşdırılır.

Bildirilib ki, “Ski Center Baku”nun yaradılmasında əsas məqsəd Azərbaycanda qış idman növləri üzrə təlim-məşq imkanlarını genişləndirmək və yeni idmançıların inkişafına dəstək olmaqdır.







Offside