3 oktyabr 2026. Şənbə

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın yeni iqtisadi imkanlarını nümayiş etdirdi


  • Offside
  • 20:27 27.09.2026
  • Oxunma sayı: 23
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın yeni iqtisadi imkanlarını nümayiş etdirdi

 

 Əziz Ələkbərli

Milli Məclisin deputatı,

Qərbi Azərbaycan İcması

İdarə Heyətinin sədri

Dünya iqtisadiyyatının ciddi dəyişikliklərdən keçdiyi, ölkələr arasında ticarət və nəqliyyat əlaqələrinin yenidən qurulduğu bir vaxtda Bakının beynəlxalq investisiya gündəliyində önə çıxması təsadüfi deyil. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da məhz belə bir dövrdə keçirildi. Forumun mövzusu – parçalanmış dünyada etimadın bərpası və Cənubi Qafqazın qlobal bağlantı və investisiya sabitliyinin dayağına çevrilməsi – Azərbaycanın qarşısında açılan yeni imkanları aydın göstərirdi.

Cənab Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlərdən də görünür ki, Azərbaycan artıq yalnız investisiya qəbul edən ölkə olmaqla kifayətlənmir. Məqsəd ölkənin əlverişli coğrafi mövqeyini, enerji imkanlarını, nəqliyyat yollarını və formalaşan yeni iqtisadi infrastrukturu bir araya gətirərək Azərbaycanı regionun mühüm iqtisadi mərkəzlərindən birinə çevirməkdir.

Bu gün Azərbaycanın üstünlüyü təkcə onun xəritədə yerləşdiyi mövqe ilə ölçülmür. Son illərdə yaradılan nəqliyyat və enerji infrastrukturu həmin coğrafi üstünlüyü real iqtisadi imkanlara çevirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz, Ələt Azad İqtisadi Zonası və digər layihələr Azərbaycanın Şərqlə Qərb arasında mühüm bağlantı nöqtəsinə çevrilməsinə xidmət edir.

Buna Zəngəzur dəhlizi – TRIPP bağlantısının yaratdığı yeni perspektivləri də əlavə etmək lazımdır. Bu marşrutun reallaşması Azərbaycanın nəqliyyat imkanlarını genişləndirə və ölkənin Avrasiya ticarət yollarındakı rolunu daha da gücləndirə bilər. Söhbət təkcə yük daşımalarından getmir. Yeni yollar yeni ticarət əlaqələri, yeni müəssisələr, yeni investisiyalar və yeni əməkdaşlıq imkanları deməkdir.

Azərbaycanın iqtisadi inkişafında neft-qaz sektoru hələ də mühüm yer tutur. Lakin ölkənin iqtisadi gələcəyi artıq yalnız enerji ixracı ilə ölçülmür. Bərpaolunan enerji, sənaye, logistika, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə yeni imkanlar yaranır. Xüsusilə günəş və külək enerjisi layihələrinin genişlənməsi Azərbaycanın gələcək enerji xəritəsini dəyişə bilər.

Cənab Prezident İlham Əliyevin forumda qarşıdakı beş ildə bərpaolunan enerjinin Azərbaycanda geniş yayılacağı barədə fikri də bu istiqamətin nə qədər ciddi əhəmiyyət daşıdığını göstərir. Azərbaycanın böyük günəş və külək potensialı var. Bu potensialın investisiyaya çevrilməsi isə həm ölkənin enerji təhlükəsizliyini möhkəmləndirə, həm də gələcəkdə yeni ixrac imkanları yarada bilər.

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri də Azərbaycanın investisiya xəritəsində yeni səhifə açır. Burada şəhərlər və kəndlər yenidən qurulur, yollar çəkilir, enerji və kommunikasiya infrastrukturu yaradılır. Qarabağ və Şərqi Zəngəzur yalnız bərpa olunan ərazilər deyil, eyni zamanda gələcək iqtisadi fəaliyyət üçün yeni məkanlardır.

Bütün bunların fonunda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanan sənədlər xüsusi diqqət çəkir. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Bu rəqəm Azərbaycanın investisiya imkanlarının artıq konkret layihələr və real maliyyə öhdəlikləri ilə müşayiət olunduğunu göstərir.

Burada başqa bir mühüm məqam da var. Azərbaycan investor üçün yalnız öz daxili bazarını təklif etmir. Ölkəyə sərmayə qoyan şirkət eyni zamanda Azərbaycanın yerləşdiyi böyük nəqliyyat və enerji məkanının imkanlarını da nəzərə alır. Şərqlə Qərbi birləşdirən yolların üzərində yerləşmək, enerji layihələrində iştirak etmək, yeni sənaye və logistika imkanlarından yararlanmaq Azərbaycanın investisiya baxımından əhəmiyyətini artırır.

Dünyada iqtisadi sabitliyin özü böyük üstünlüyə çevrilib. Müxtəlif bölgələrdə baş verən proseslər investorları daha etibarlı və uzunmüddətli əməkdaşlıq imkanları axtarmağa vadar edir. Azərbaycanın son illərdə enerji, nəqliyyat və iqtisadi layihələr sahəsində qurduğu tərəfdaşlıqlar da ölkənin bu baxımdan mövqeyini gücləndirir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Bakıda keçirilməsi də təsadüfi deyil. Forumun özü Azərbaycanın dəyişən dünya iqtisadiyyatında hansı rolu oynamaq istədiyini göstərir. Bakı artıq yalnız enerji layihələrinin müzakirə olunduğu məkan deyil. Burada nəqliyyat, logistika, yaşıl enerji, sənaye, rəqəmsal iqtisadiyyat və regional investisiya imkanları müzakirə olunur.

Dünya dəyişir, iqtisadi əlaqələrin istiqamətləri yenidən müəyyənləşir. Azərbaycanın qarşısında duran əsas vəzifə isə bu dəyişikliklərin yaratdığı imkanları düzgün qiymətləndirməkdir. Bu gün ölkənin qarşısında belə bir imkan var: öz coğrafi mövqeyini nəqliyyat üstünlüyünə, enerji potensialını yeni investisiya sahələrinə, sabitliyini isə uzunmüddətli iqtisadi tərəfdaşlığa çevirmək.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu göstərdi ki, Azərbaycan bu prosesin kənarında dayanmaq niyyətində deyil. Əksinə, Bakı dəyişən iqtisadi xəritənin öz ətrafında formalaşan yeni imkanlarından maksimum istifadə etməyə hazırlaşır. 10,8 milyard dollarlıq layihələri əhatə edən yeni sənədlər isə bu yolun artıq sözdən əmələ keçdiyini göstərən konkret nümunədir.

 







Offside