- Offside
- 20:52 03.10.2026
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda yarışlar davam edir.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Oqtay Hüseynov, Səid Həmidov, Süleyman İsmayılzadə və Yeqor Maynitski ümumilikdə 8 növdə mübarizə aparıblar.
Səhər seansında bir final keçirilib. Qadınların 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında sinqapurlu Çin Hvi Qan 8:15,73 nəticə ilə birinci olub. Yeni Zelandiyadan Keytlin Dins 8:17,51 göstərici ilə ikinci, Yaponiya təmsilçisi Vaka Kobori isə 8:21,11 nəticə ilə üçüncü yeri tutub.
Azərbaycan üzgüçülərindən Anastasiya Boborıkina 50 metr brass üsulu ilə 33,48 saniyə, Yeqor Maynitski isə 200 metr brass üsulu ilə 2:13,64 nəticə göstərərək ölkə rekordlarını yeniləyiblər.
Səhər seansını Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq və ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon da izləyib.
100 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında çıxış edən Mehri Abdurəhmanlı finala vəsiqə qazanıb. Axşam seansında o, həmçinin 200 metr məsafəyə arxasıüstə üsulla yarışda iştirak edəcək Fatimə Alkərəmova, Vlastilina Xasyanova və Anastasiya Qnusina ilə birlikdə mübarizə aparacaq.
Fatimə Alkərəmova, eyni zamanda, 200 metr məsafəyə qarışıq üsulla üzmə yarışında da çıxış edəcək.
Yarışın axşam seansı saat 18:00-da başlayacaq. Saat 17:20-də isə “Avroviziya” mahnı müsabiqəsinin qalibi Nigar Camalın çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə bu gün yekun vurulacaq. Turnirdə 44 ölkədən 216 idmançı iştirak edir. Azərbaycanı isə 15 üzgüçü təmsil edir.