- Offside
- 17:40 04.10.2026
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Bakı Su İdmanı Sarayında keçirilən “İpək Yolu” Dünya Kubokuna yekun vurulub.
Bu barədə 90deqiqe.Az-a ASF-dən məlumat verilib.
Oktyabrın 1-dən 3-dək davam edən beynəlxalq yarışda 44 ölkədən 216 idmançı iştirak edib. Azərbaycan turnirdə 15 üzgüçü ilə təmsil olunub.
Milli komanda medal qazana bilməsə də, Azərbaycan üzgüçüləri şəxsi nəticələri ilə diqqət çəkiblər. Yarış ərzində 7 Azərbaycan rekordu və 16 şəxsi rekord yenilənib.
Turnirdə beynəlxalq səviyyəli rekord nəticələr də qeydə alınıb. Avstraliyalı Kemeron Makevoy 50 metr məsafəyə sərbəst üsulla üzmədə 20,22 saniyə nəticə göstərərək Dünya Kubokunun rekordunu yeniləyib. Rusiyalı Yeqor Kornev isə 100 metr məsafəyə sərbəst üsulla üzmədə 44,84 saniyə nəticə ilə dünya rekorduna şərik olub.
Dünya Kubokunun yekun xal sıralamasında kişilər arasında Yeqor Kornev (Rusiya) birinci, Luk Barr (ABŞ) ikinci, Piter Kutsi (Cənubi Afrika Respublikası) isə üçüncü yeri tutub.
Qadınların sıralamasında Marrit Stenberxen (Niderland) qalib olub. Ros Vanotterdayk (Belçika) ikinci, Yu Yitinq (Çin) isə üçüncü pillədə qərarlaşıb.
“İpək Yolu” Dünya Kuboku idman mübarizəsi ilə yanaşı, beynəlxalq əməkdaşlıq baxımından da əhəmiyyətli tədbir kimi yadda qalıb. Yarış çərçivəsində iştirakçılar üçün müxtəlif proqramlar təşkil olunub və xarici nümayəndə heyətlərinə Bakının tarixi-mədəni irsi ilə tanış olmaq imkanı yaradılıb.