- Offside
- 18:46 06.10.2026
Gəncədə ilk dəfə voleybol festivalı təşkil olunacaq.
90deqiqe.Az-ın məlumatına görə, tədbir oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında keçiriləcək.
Festival Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” voleybol klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə baş tutacaq. “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı ilə keçiriləcək tədbirin əsas məqsədi şəhərdə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında bu idman növünə marağın artırılması və sağlam həyat tərzinin təşviqidir.
Festival çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri və dostluq oyunu keçiriləcək. Həmçinin 10–14 yaşlı uşaqlar arasında minivoleybol turniri təşkil olunacaq.
İştirakçılar üçün müxtəlif idman və əyləncə proqramları da hazırlanıb. Uşaqlar voleybolun əsas elementlərini öyrənəcək, bacarıqlarını nümayiş etdirəcək və peşəkar idmançılarla ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
Tədbirin diqqətçəkən məqamlarından biri “Gəncə” klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olacaq. Yeni mövsüm üçün formalaşdırılan komanda azarkeşlərə təqdim ediləcək.
Festival iştirakçıları və azarkeşlər sevimli voleybolçuları ilə görüşə, onlardan avtoqraf ala və xatirə şəkilləri çəkdirə biləcəklər. Tədbir çərçivəsində fləş-mob da keçiriləcək.
Voleybol, musiqi və əyləncəni bir araya gətirəcək festivalın sonunda iştirakçılar üçün xüsusi konsert proqramı təqdim olunacaq.