- Offside
- 22:00 07.10.2026
Beynəlxalq Cüdo Federasiyasının səfiri, gimnastika üzrə beşqat Olimpiya çempionu Nadya Komaneçi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının iştirakçılarına videomüraciət göndərib.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, əfsanəvi idmançı öz təcrübəsindən danışaraq böyük uğurların arxasında nizam-intizam, cəsarət və əzmkarlığın dayandığını vurğulayıb.
Komaneçi mundialda çıxış edən cüdoçulara müraciətində onları mübarizəyə qürurla yanaşmağa və rəqiblərinə hörmətlə yanaşmağa çağırıb:
“Bakıda yarışan bütün idmançılara demək istəyirəm: qürurla mübarizə aparın, rəqiblərinizə hörmət edin və tatamidə əlinizdən gələni əsirgəməyin. Medallarla yanaşı, nümayiş etdirdiyimiz xarakter və gələcək nəslə verdiyimiz ilham da yadda qalır”.
Beşqat Olimpiya çempionu müraciətinin sonunda bütün iştirakçılara unudulmaz dünya çempionatı arzulayıb.