- Offside
- 22:00 07.10.2026
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
90deqiqe.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iclasda İntizam Komitəsinin qərarlarından verilən iki apellyasiya şikayətinə baxılıb.
I Liqanın III turunda “Karvan-Yevlax”la keçirilən oyunda qırmızı vərəqə alan “Zaqatala”nın futbolçusu Elxan Məmmədov və klubun cərimələnməsi ilə bağlı şikayət qismən təmin olunub. Tribunalın qərarı ilə futbolçunun 6 oyunluq cəzası 4 matça endirilib. “Zaqatala”nın 1000 manat cərimələnməsi barədə qərar isə qüvvədə saxlanılıb.
U-10 Liqasındakı “Karvan-Yevlax” – SUHB oyunu ilə bağlı Səyyar İsmayılovun müraciəti də qismən təmin edilib. Yevlax klubunun yarışlardan kənarlaşdırılması və 0:3 hesablı texniki məğlubiyyətlə bağlı qərar ləğv olunub.
Yeni qərara əsasən, Kamal İsmayılovun “Karvan-Yevlax”ın heyətində müqaviləsi qeydiyyata alınmadan çıxış etməsinə görə komandaya yalnız həmin qarşılaşmada texniki məğlubiyyət verilib.
Qeyd edək ki, hər iki apellyasiya şikayətinin digər hissələri təmin edilməyib.