9 oktyabr 2026. Cümə

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib


  • Offside
  • 08:56 08.10.2026
  • Oxunma sayı: 31
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələ şəhərində start verilib.

90deqiqe.Az-ın məlumatına görə, yarışdan əvvəl iştirakçılar Qəbələ şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ultramarafonun işğaldan azad edilmiş ərazilərdə idman tədbirlərinin keçirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, yarışın iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını bildirib və bu cür tədbirlərin təşkilinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə isə atletikaya marağın yüksək olduğunu və xarici idmançıların yarışda iştirakının əhəmiyyətini qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən inkişaf layihələrini də vurğulayıb.

Yarışda 6 ölkədən 100 atlet mübarizə aparır.

192 kilometrlik Qəbələ–Xankəndi marşrutu üzrə keçirilən ultramarafon iştirakçıların fiziki hazırlığı və dözümlülüyünü ciddi sınaqdan keçirəcək. Yarış Qəbələ–Ağdaş (55 km), Ağdaş–Bərdə (65 km), Bərdə–Ağdam (44 km) və Ağdam–Xankəndi (28 km) olmaqla dörd mərhələdən ibarətdir.

Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılacaq, ümumi nəticədə ən yüksək göstəriciyə imza atan atletlər isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. Həmin yarışda 4 ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona 6 ölkədən 81 atlet qatılıb. Bu il yarış üçüncü dəfə keçirilir.







Offside