9 oktyabr 2026. Cümə

Azərbaycanın 5 boksçusu U-17 Avropa çempionatında yarımfinal və 1/4 finala yüksəlib


  • Offside
  • 11:21 08.10.2026
  • Oxunma sayı: 32
Azərbaycanın 5 boksçusu U-17 Avropa çempionatında yarımfinal və 1/4 finala yüksəlib

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü növbəti mərhələyə yüksəlib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Nihad Məmmədli (48 kq) 1/8 finalda Polşa təmsilçisi Filip Borkovskini 5:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Rusiya boksçusu Akmal Dustiyev olacaq.

İsmayıl Nəsirzadə (52 kq) Litva təmsilçisi Vakaris Kiseliunası 5:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda İsrail idmançısı Qleb Qrinblatla qarşılaşacaq.

Məhəmmədəli İstamov (57 kq) isə İrlandiya təmsilçisi Martin Donovana ikinci raundda tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Onun növbəti rəqibi Yunanıstan boksçusu Eleftherios Zurnatsis olacaq.

Səma Abbasova (66 kq) 1/4 finalda İsrail təmsilçisi Aleksandra Kerdolu ikinci raundda tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Abbasova növbəti mərhələdə Rusiya təmsilçisi İustina Anufriyeva ilə üz-üzə gələcək.

Xumar Cəfərli (+80 kq) də adını yarımfinala yazdırıb. O, Rumıniya boksçusu Aleksandra Liteanunu 5:0 hesabı ilə məğlub edib. Cəfərlinin yarımfinaldakı rəqibi Ukrayna təmsilçisi Sofiya Opalyux olacaq.

Beləliklə, yarımfinala yüksələn Səma Abbasova və Xumar Cəfərli ən azı bürünc medalı təmin ediblər. Azərbaycan millisinin 1/4 finala yüksələn boksçularının sayı isə 11-ə çatıb.

Qeyd edək ki, U-17 Avropa çempionatında 1/4 final görüşləri bu gün, yarımfinal qarşılaşmaları isə oktyabrın 9-da keçiriləcək.







Offside