9 oktyabr 2026. Cümə

Gəncədə ilk dəfə böyük voleybol festivalı keçirilib


  • Offside
  • 17:12 08.10.2026
  • Oxunma sayı: 33
Gəncədə ilk dəfə böyük voleybol festivalı keçirilib

Gəncə şəhərində ilk dəfə “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı ilə genişmiqyaslı voleybol festivalı təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” Voleybol Klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə keçirilən tədbirə 3 mindən çox iştirakçı qatılıb.

Festivalın açılışında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov və “Gəncə” Voleybol Klubunun prezidenti Elvar Osmanov çıxış ediblər.

Tədbirdə bildirilib ki, festivalın əsas məqsədi Gəncədə voleybolun daha geniş təbliği, uşaqlar və yeniyetmələr arasında bu idman növünə marağın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.

Mərasimdə YAP Gəncə şəhər təşkilatının sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru, Gəncə-Daşkəsən regional idarələrinin rəhbərləri, uşaq-gənclər və idman-şahmat məktəblərinin direktorları, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Festival zamanı “Gəncə” Voleybol Klubunun 2026/2027-ci illər mövsümü üçün heyəti də təqdim olunub. Yeni mövsümdə komandanın heyətində yer alacaq oyunçular azarkeşlərə təqdim edilib.

Gəncədə səfərdə olan “DH Volley” klubunun nümayəndələri də tədbirdə iştirak ediblər. “Turan” və “DH Volley” komandalarına avrokuboklarda uğurlar arzulanıb.

Proqram çərçivəsində 120-dək voleybol topu meydana gətirilib, peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri və dostluq oyunu keçirilib. 10–14 yaşlı uşaqlar arasında mini voleybol turniri təşkil olunub.

Festival iştirakçıları voleybolun əsas texniki elementlərini öyrənmək, bacarıqlarını nümayiş etdirmək və peşəkar idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər. Tədbir boyunca müxtəlif idman və əyləncə proqramları da təşkil olunub.

Festivalın sonunda iştirakçılar üçün musiqi və əyləncəni bir araya gətirən konsert proqramı təqdim edilib.







Offside