10 oktyabr 2026. Şənbə

Azərbaycanın 8 boksçusu U-17 Avropa çempionatında medal təmin edib


  • Offside
  • 10:53 09.10.2026
  • Oxunma sayı: 28
Azərbaycanın 8 boksçusu U-17 Avropa çempionatında medal təmin edib

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 6 üzvü yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Cəmilə Muradlı (57 kq) 1/4 finalda Çexiya təmsilçisi Rozali Uhrovanı 4:1 hesabı ilə məğlub edib. O, finala yüksəlmək uğrunda İtaliya boksçusu Morena Stifani ilə qarşılaşacaq.

Həsrət Məmmədov (46 kq) Slovakiya təmsilçisi Kristian Mezesə cəmi 79 saniyəyə qalib gəlib. Onun yarımfinaldakı rəqibi İrlandiyadan Ronan Çarlz olacaq.

İsmayıl Nəsirzadə (52 kq) İsrail boksçusu Qleb Qrinblatı 5:0 hesabı ilə üstələyib. Nəsirzadə finala vəsiqə uğrunda növbəti görüşündə irlandiyalı Martin Nevi ilə üz-üzə gələcək.

Qardaş Rəhimov (54 kq) Belarus təmsilçisi Mikita Beskaravaynını 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Onun növbəti rəqibi Monteneqro idmançısı Strahinya Mrdak olacaq.

Məhəmmədəli İstamov (57 kq) Yunanıstan təmsilçisi Eleftherios Zurnatsisi məğlub edib. Azərbaycanlı boksçu ilk iki raundda üstünlük qazandıqdan sonra rəqibinin məşqçisi döyüşü dayandırıb. İstamov yarımfinalda Ukrayna təmsilçisi Nikita Zaxarçenko ilə qarşılaşacaq.

Hidayət Məmmədov (70 kq) isə Rusiya boksçusu Sandro Tsimtsbanı ilk raundda nokautla məğlub edib. Onun yarımfinaldakı rəqibi İrlandiya təmsilçisi Paddi Nevin olacaq.

Beləliklə, Azərbaycan millisinin yarımfinala yüksələn boksçularının sayı 8-ə çatıb. Daha əvvəl Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də bu mərhələyə vəsiqə qazanıblar. Yarımfinala yüksələn bütün idmançılarımız ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, U-17 Avropa çempionatında yarımfinal görüşləri bu gün, final qarşılaşmaları isə oktyabrın 11-də keçiriləcək.







Offside