- Offside
- 23:16 09.10.2026
Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumu işə başlayıb.
Milli Olimpiya Komitəsindən (MOK) 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı qurumun baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
Forumun ilk günündə seminarın və Olimpiya Həmrəyliyi Forumunun rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Xorvatiya Olimpiya Komitəsinin prezidenti Yosip Varvodiç, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və Xorvatiyanın Turizm və İdman Nazirliyinin dövlət katibi Yosip Paviç çıxış ediblər.
Proqram çərçivəsində Avropanın ən yaxşı gənc idmançısına təqdim olunan 11-ci “Pyotr Nurovski” mükafatının təqdimetmə mərasimi də təşkil olunub.
Forum zamanı 2027-ci ildə keçiriləcək Qış və Yay Avropa Gənclər Olimpiya Festivalları, İstanbulda təşkil olunacaq IV Avropa Oyunları və “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə ediləcək. Bununla yanaşı, plenar iclasların və birgə işçi sessiyalarının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, forum Avropada gənc idmançılara dəstəyin gücləndirilməsi, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq idman əməkdaşlığının inkişafı baxımından mühüm platforma hesab olunur.