10 oktyabr 2026. Şənbə

Xankəndi Ultramarafonunda ikinci mərhələnin qalibləri müəyyənləşib


  • Offside
  • 15:19 09.10.2026
  • Oxunma sayı: 25
Xankəndi Ultramarafonunda ikinci mərhələnin qalibləri müəyyənləşib

III Beynəlxalq Xankəndi Ultramarafonunun ikinci mərhələsi başa çatıb.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və BŞH-nin birgə təşkilatçılığı ilə keçirilən yarışda 6 ölkədən 97 atlet iştirak edir.

Ağdaşdan start götürən iştirakçılar Bərdəyədək 63,5 kilometrlik məsafəni qət ediblər. Kişilərin mübarizəsində Gürcüstan təmsilçisi David Xarazişvili finişə birinci çatıb. Litvalı Andrey Eqorov ikinci, Azərbaycan idmançısı Elşad Nəsibov isə üçüncü yeri tutub.

Qadınların yarışında Ukrayna təmsilçisi Olena Şevçenko birinci olub. Rusiya idmançısı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, ilk mərhələdə də David Xarazişvili və Olena Şevçenko qalib olublar.

Ultramarafon iştirakçıları ümumilikdə 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. Yarış dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılacaq, ümumi nəticələrə əsasən fərqlənən atletlər isə baş mükafata layiq görüləcəklər.

Beynəlxalq ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. 380 kilometrlik yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona altı ölkədən 81 idmançı qatılıb.







Offside