10 oktyabr 2026. Şənbə

Bakıda “European Aquatics” Konqresi çərçivəsində beynəlxalq konfrans keçirilib


  • Offside
  • 15:50 09.10.2026
  • Oxunma sayı: 26
Bakıda “European Aquatics” Konqresi çərçivəsində beynəlxalq konfrans keçirilib

Bakıda Avropa Su İdmanı Federasiyasının (“European Aquatics”) Konqresi çərçivəsində “Waves of Change – DEI & I” (“Dəyişiklik Dalğaları: müxtəliflik, bərabərlik, inklüzivlik və dürüstlük”) mövzusunda konfrans təşkil olunub.

Azərbaycan Üzgüçülük Federasiyasından (ASF) 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə milli federasiyaların nümayəndələri, beynəlxalq ekspertlər və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Konfransın əsas məqsədi idmanda müxtəliflik, bərabərlik, inklüzivlik və dürüstlük prinsiplərinin təşviqi, milli federasiyalarda bu yanaşmaların tətbiqinin genişləndirilməsi və təhlükəsiz idman mühitinin yaradılması olub.

Tədbir çərçivəsində təşkil olunan sessiyalarda idmançıların hüquqları, kimliyi və rifahı, təhlükəsiz və inklüziv mühitin formalaşdırılması, eləcə də idmanda dürüstlük prinsiplərinin qorunması məsələləri müzakirə edilib.

Açılış mərasimində “European Aquatics”in prezidenti Antonio Silva, baş katibi Noam Tsvi, Büro üzvü Qrem Marçbank, ASF-nin vitse-prezidenti Jalə Əhmədova və baş katibi Oqtay Atayev çıxış ediblər.

Antonio Silva konfransın təşkilinə görə Azərbaycan Üzgüçülük Federasiyasına təşəkkür edib. O, iştirakçıları fəal müzakirələrə qoşulmağa, təcrübə mübadiləsi aparmağa və əldə olunan nəticələri təmsil etdikləri federasiyaların fəaliyyətində tətbiq etməyə çağırıb.

Noam Tsvi son illərdə müxtəliflik və inklüzivlik sahəsində əldə olunan irəliləyişlərdən danışıb. Qrem Marçbank isə idmançılar, məşqçilər, hakimlər və idman idarəçiliyi sahəsində bərabər imkanların təmin edilməsinin vacibliyini vurğulayıb.

Jalə Əhmədova çıxışında idmanda insanın milliyyəti, cinsi, fiziki imkanları və sosial mənsubiyyətindən daha çox əzmi, bacarığı və zəhmətinin önəm daşımalı olduğunu bildirib. O, şəffaf idarəetmənin, ayrı-seçkiliyə qarşı mübarizənin, idmançıların hüquq və ləyaqətinin, eləcə də təhlükəsizliyinin qorunmasının ortaq dəyər olduğunu qeyd edib.

Oqtay Atayev isə Bakının 2026-cı ildə bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi etdiyini xatırladıb. O bildirib ki, idman yalnız medallar uğrunda mübarizə deyil, eyni zamanda bərabərlik, inklüzivlik və insanları birləşdirən universal dəyərlər məcmusudur.

Konfransın davamında Çexiya, İsveç, İspaniya və Böyük Britaniyanın üzgüçülük federasiyalarının nümayəndələri öz təcrübələrini və bu sahədə tətbiq etdikləri yanaşmaları bölüşüblər.

Tədbirdə çıxış edən paralimpiyaçı Könül Süleymanova idmanın fiziki məhdudiyyətli insanların potensiallarını reallaşdırmasına, fiziki və mənəvi cəhətdən güclənməsinə, özünəinam qazanmasına və cəmiyyətə daha fəal inteqrasiya olunmasına şərait yaratdığını vurğulayıb.

Qeyd edək ki, “European Aquatics” Konqresi oktyabrın 8-dən 10-dək Bakıda keçirilir. Konqres çərçivəsində əvvəlcə Avropa Su İdmanı Federasiyasının Bürosunun toplantısı, daha sonra isə milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub. Konqresin əsas tədbirinin sabah keçirilməsi nəzərdə tutulur.







Offside