10 oktyabr 2026. Şənbə

Xankəndi Ultramarafonunda üçüncü mərhələnin qalibləri də dəyişməyib


  • Offside
  • 14:25 10.10.2026
  • Oxunma sayı: 29
Xankəndi Ultramarafonunda üçüncü mərhələnin qalibləri də dəyişməyib

III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsi başa çatıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən  90deqiqe.Az-a verilən məlumata görə, Bərdə şəhərindən start götürən atletlər Ağdamadək 46,8 kilometrlik məsafəni qət ediblər.

Kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili finişə birinci çatıb. Litvalı Andrey Yeqorov ikinci, Azərbaycan idmançısı Elşad Nəsibov isə üçüncü yeri tutub.

Qadınların mübarizəsində Ukrayna təmsilçisi Olena Şevçenko birinci olub. Rusiya idmançısı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü pillədə qərarlaşıb.

Beləliklə, hər iki kateqoriyada ilk iki mərhələnin qalibləri üçüncü mərhələdə də uğurlarını davam etdiriblər.

Ümumilikdə 192 kilometrlik məsafəni əhatə edən ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Son mərhələdə iştirakçılar Ağdamdan Xankəndiyə doğru 29,2 kilometrlik məsafəni qət edəcəklər. Mərhələlərin qalibləri ayrıca mükafatlandırılacaq, ümumi nəticələrə görə fərqlənən atletlər isə baş mükafata layiq görüləcəklər.

Ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə keçirilən ultramarafona altı ölkədən 81 idmançı qatılıb.







Offside