10 oktyabr 2026. Şənbə

FİA Piastri və Norrisi Sinqapur sprintindəki qəzaya görə cəzalandırmadı


  • Offside
  • 19:28 10.10.2026
  • Oxunma sayı: 43
FİA Piastri və Norrisi Sinqapur sprintindəki qəzaya görə cəzalandırmadı

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) stüardları “Maklaren” komandasının pilotları Oskar Piastri və Lando Norrisi Sinqapur Qran-prisinin sprint yarışının son dövrəsində baş verən qəzaya görə cəzalandırmamaq qərarına gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, stüardlar hər iki pilotu, eləcə də komanda nümayəndəsini dinləyib, video görüntüləri və bolidlərin bort kameralarından qeydə alınan görüntüləri araşdırıblar.

Qərarda bildirilib ki, Norris beşinci döngədə Piastrini daxili trayektoriya ilə ötməyə çalışıb. Toqquşma döngənin zirvə nöqtəsində baş verib.

Piastri ötmə cəhdini gözləmədiyini, döngəyə daxil olarkən Norrisin daxili tərəfdə olduğunu görərək ona yer saxlamağa çalışdığını bildirib. Norris isə ötmə üçün fürsət gördüyünü və döngənin zirvə nöqtəsinə çatmazdan əvvəl bolidinin ön oxunun Piastrinin güzgüsündən öndə olduğunu düşündüyünü deyib. Lakin döngəyə yaxınlaşarkən gözlədiyindən daha az yer qaldığı üçün daxili bordürdən istifadə etməli və əyləci basmalı olub. Nəticədə bolidlər toqquşub.

Stüardlar hər iki pilotun insidentdə müəyyən payı olduğunu və onlardan heç birinin toqquşmaya görə tam və ya əsas dərəcədə məsuliyyət daşımadığını hesab ediblər. Buna görə də əlavə tədbir görülməməsinə qərar verilib. 







Offside