- Offside
- 22:00 10.10.2026
Bakıda oktyabrın 8-dən 10-dək Avropa Su İdmanı Federasiyasının (“European Aquatics”) Konqresi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, “European Aquatics”in prezidenti Antonio Silva, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev, qurumun icraçı vitse-prezidenti Xaliq İldırımzadə, vitse-prezidenti Jalə Əhmədova, milli federasiyaların nümayəndələri, beynəlxalq idman rəsmiləri və media təmsilçiləri iştirak ediblər.
Azərbaycan Üzgüçülük Federasiyası və “European Aquatics”in təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konqresin əsas məqsədi Avropada su idman növlərinin inkişaf perspektivlərini müzakirə etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və milli federasiyalar arasında təcrübə mübadiləsini genişləndirmək olub.
Konqresin açılışında çıxış edən Antonio Silva tədbirin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib.
Gənclər və idman naziri Fərid Qayıbov paytaxtın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini vurğulayıb. O, bu cür görüşlərin Avropada su idmanının inkişafına və ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini bildirib.
ASF-nin prezidenti Zaur Əliyev isə konqresin milli federasiyalar arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və su idmanının gələcək inkişafı üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.
Tədbir çərçivəsində “European Aquatics”in 2026-cı il ərzində fəaliyyətinin əsas məqamlarını əks etdirən videoçarx nümayiş olunub. Həmçinin ötən dövrdə görülən işlərə dair hesabatlar dinlənilib.