- Offside
- 16:31 11.10.2026
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan millisi qarışıq komanda yarışında mübarizəni başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışda yığmamız 1/16 finalda Avstriya komandasını 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Komandaya ilk xalı +70 kq çəki dərəcəsində Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb. Daha sonra +90 kq-da Zelim Kotsoyev Movli Borçaşvilini, 57 kq-da Xədicə Qədəşova Laura Kallingeri, 73 kq-da isə Rəşid Məmmədəliyev Firas Ben Saadı məğlub ediblər.
Lakin Azərbaycan millisi 1/8 finalda Yaponiya yığmasına 1:4 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Qadınlardan ibarət komandanın heyətində Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (hər ikisi 70 kq), Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərdən isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (hər ikisi 73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.
Qeyd edək ki, dünya çempionatının komanda yarışında 18 ölkədən 192 cüdoçu iştirak edib. Azərbaycan millisi fərdi yarışları rekord nəticə ilə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.