- Offside
- 16:31 11.10.2026
Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda qadınlar arasında ümumi nəticələrə görə Ukrayna təmsilçisi Olena Şevçenko birinci yeri tutub. Rusiya idmançısı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü olub.
Kişilərin mübarizəsində Gürcüstan təmsilçisi David Xarazişvili qalib adını qazanıb. Litvalı Andrey Eqorov ikinci, Azərbaycan idmançısı Elşad Nəsibov isə üçüncü yerdə qərarlaşıb.
Qaliblərə diplom və medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər. Ümumi nəticələrdə fərqlənən atletlər baş mükafata da layiq görülüblər.
Ultramarafonda 6 ölkədən 97 atlet iştirak edib. Dörd mərhələdən ibarət yarış çərçivəsində idmançılar dörd gün ərzində ümumilikdə 192 kilometr məsafə qət ediblər. Marşrut Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) istiqamətlərini əhatə edib.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. Həmin yarışda 4 ölkədən 64 atlet 380 kilometrlik məsafədə mübarizə aparıb. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona 6 ölkədən 81 idmançı qatılıb.