- Offside
- 16:31 11.10.2026
Azərbaycan Üzgüçülük Federasiyası ilə Belarus Üzgüçülük Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Azərbaycan Üzgüçülük Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, sənəd iki ölkə arasında üzgüçülük sahəsində əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
Memoranduma əsasən, tərəflər üzgüçülüyün inkişafı və təbliği, idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, eləcə də birgə təlim-məşq toplanışlarının və yarışların təşkili istiqamətlərində əməkdaşlıq edəcəklər.
Sənəddə metodiki materialların və təcrübənin mübadiləsi, uşaqlar və gənclər arasında üzgüçülüyə marağın artırılması, həmçinin bu idman növünün daha geniş auditoriyada təbliği də nəzərdə tutulub.
Əməkdaşlıq çərçivəsində hər iki federasiyanın təcrübəsindən yararlanmaq, idmançıların hazırlıq prosesini təkmilləşdirmək, məşqçi və hakimlərin bilik və bacarıqlarını artırmaq məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.
Memorandumun imzalanmasının Azərbaycan və Belarus arasında üzgüçülük sahəsində əlaqələrin möhkəmlənməsinə və beynəlxalq idman əməkdaşlığının genişlənməsinə töhfə verəcəyi gözlənilir.